вторник, 30 марта 2010 г.

ANAMIZ FATİMƏYİ-ZƏHRAYA (s.ə.) ÜMMƏTİNDƏN MƏKTUB


Anacan, ümmətin çarəsiz halda qum dənələri kimi parçalanıb. Başına min bir müsübət gətirilib və gətirilməkdədir. Dünyanın harasında ki, bomba səsləri, fəryad səsləri gəlir - orada sənin ümmətin yaşayır. Anacan, körpələr, bacılar, analar, qocalar zülm içində yaşayırlar. Bəziləri zalım düşmən tərəfindən şəhid edilib və edilməkdədirlər. Texnika nə qədər inkişafda olursa, onun müsbət və mənfi cəhətləri də günbəgün çoxalır. Müsbət cəhətləri bundan ibarətdir ki, insanlar artıq bir ölkədə oturub, başqa ölkədəki xəstəni əməliyyat edirlər. Halbuki, qədimdə ümmətin xəstələri min bir əziyyətlə xəstəxanaya aparılırdı. Bəziləri sadəcə bir neçə gün və yaxud da bir neçə saat tibb ocaqlarına gecikdiyi üçün dünyasını dəyişirdi. Amma indi bu məsələ xeyli sürətdə azalıb və azalmaqdadır. Min bir əziyyətlə atlarla, dəvələrlə, ayaqla o müqqəddəs torpaqlara gedərdilər. Lakin indi texnologiya o qədər inkişaf eləyib ki, artıq Məşhədə, Məkkəyə, Mədinəyə, Bəqi torpaqlarına, oğlun İmam Hüseynin (ə) susuz Kərbəla səhralarına, Rüqqəyyə xanımın: “Atacan!” deyə-deyə o yana-bu yana qaçan yerlərə, Əbəlfəzl-Abbasın qollarının qələm olunduğu yerlərə, o Kərbü-bəlayə və digər müqqəddəs yerlərə rahat şəkildə bir neçə saata çatmaq olur. Texnologiya o qədər inkişaf edib ki, artıq insan yerin dibinə gedib çıxıb. Dağların zirvəsini fəth eləyib, dənizlərin dibinə gedib çatır. Texnologiya o qədər inkişaf edib ki, telefonla bir göz qırpımında rabitə qurur bir ölkədən başqa ölkə ilə - halbuki, on səkkiz saat təyyarə ilə yoldur. Bu telefonu götürüb bir dənə “alo” deməklə onun şəkli düşür bunun telefonuna, bunun şəkli düşür onun telefonuna, onun şəklini bu görür, bunun şəklini də o görür. Bir-birini görürlər, bir-biri ilə də danışırlar. Lakin qədimdə bir məlumatı çatdırmaq üçün günlərlə yol getmək məcburiyyətində qalırdılar.
Amma, anacan, texnologiyanın müsbət cəhətləri olduğu kimi, mənfi cəhətləri də mövcuddur. Anacan, sənin əqidəni daşıyan ümmətini toplarla, bombalarla, tank və pulemyotlarla, zirehli maşınlarla, fosfor mərmiləri ilə qırırlar.
Anacan, bəzi özünü div kimi göstərib, amma əslində cücədən fərqləri olmayan zalım düşməndir ki, ümmətini qırır. Başına min bir müsibət gətirir. Bəzilərinin övladına, bəzilərinin bacı və qardaşına zülm edirlər. Bəzilərini isə anacan, gözlərinin qabağında əziz ailəsini şəhid edirlər.
Anacan, öz böyüklərinin qabağında qorxudan tir-tir titrəyən zalım düşmənlər, bir çarəsiz insan gördükdə sanki div kimi dayanırlar. Və öz müasir zülm vasitələri ilə, zirehli maşınları ilə onun üzərinə yeriyirlər. Bulduzerlərlə evini bir göz qırpımında dağıdır və talan edirlər. Məzlum bircə kəlmə ilə haqqı dedikdə, hirsindən tir-tir əsərək, ona min bir zülm verir, hətta şəhidlik məqamına qədər çıxardırlar.
Anacan, İslam torpaqları dağıdılır, talan edilir. Yəmən, Qəzza, Pakistan, Qarabağ, Əfqanıstan və başqa islam torpaqlarınin küçələri şəhid qanları ilə sulanır. Şəhid qanları ilə anaların ürəyinə dağ çəkilir.
Anacan, sən özün görürsən, bilirsən, duyursan durumumuzu. Elə isə, çarəsizlərin çarəsi, haqsızdan haqlının haqqını tələb eləyən ağamız İmam Sahib-əz-Zamanın (s.ə) zühurunu təcil etməsi üçün biz çarəsiz bəndələrin yerinə Uca Allaha dua elə.
Anacan, fəryadlar ucalır göylərə. Körpə susuz Rüqəyyənin tərəfdarları indi öz vətənlərində öz yaşıdları ilə birgə qırılırlar. Onlar da ata, ana, bibi nəvazişindən uzaq böyüyürlər. Çünki, anacan onların əziz ailələri bu gün qırılır, başına min bir müsübət gətirilir.
Anacan, bizim salamlarımızı övladın - zamanəmizin imamı İmam Zaman (ə) ağaya çatdır. Görən haçan gəlib sənin gizli qalan məzarının yerini bizlərə deyəcək? Nə vaxt deyəcək: “Bu, mənin anamın qəbridir. Bu həsrətlə gözlədiyiniz, hər yerdə gözləriniz onu axtaran anamın qəbridir”?!
Anacan, de ki, biz qırılırıq. Anacan de ki, haqsızlıq gördükdə susmadığımız üçün, izzətini əldən verməmək üçün qırılan, hətta öz əziz ailəsini itirən ümmətin İmamın (ə) yolunu gözləyir. Anacan, denən haradan ki, fəryad səsi gəlir, Ağanın tərəfdarları olan yerdir ora. Anacan, özün bizlərə bir nəzər sal. Çünki sən özün bizə haqsızlıq qarşısında səbir etməyi öyrətmisən.
Allahım, İmamın zühurunu tezləşdir...
Amin!


Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.