суббота, 22 мая 2010 г.

ŞƏRTLƏ İŞ GÖRMƏK LAL VƏ FƏAL ŞEYTAN OLMAĞA ZƏMİN YARADIR

Bu günlərdə oxuduğum bir yazı məni düşündürdü. Həmin yazını oxuduqdan sonra hazırkı yazının ümumi konturları haqda ilkin təəsüratlar yarandı. Amma yazını yazmağa cəsarət edə bilmirdim. Axırda bütün cəsarətimi və neçə gündür ki, fikirləşdiyim məsələləri bir araya toplayıb, öz mülahizələrimlə bölüşməyi qərara aldım.

Oxuduğum yazıda zamanımızın ən böyük sindromu, xəstəliyi, bəlası olan məsələdən danışılırdı. Əslində, oxuduğum yazıda iki cümlə bu mülahizələrimi kağıza köçürməyə zəmin yaratdı. Yazıda iki cümlə bundan ibarət idi: “Kiçik uşaqlara heç bir zaman şərtlə iş gördürməyin. Çünki, bu, böyüyəndə onların psixologiyalarında dərin izlər aça bilər” deyilirdi. Öz-özlüyündə sadə cümlə olan və zahirdə heç bir vücudi sual yaratmayan bu cümlə, məndə belə bir fikir oyatdı: bəlkə də zamanın lal və fəal şeytanların yaranmasına səbəb, onların uşaqlıq çağlarında kiçik, xırda, bəsit və sadə şərtləri yerinə yetirib və müqabilində kiçik xırda hədiyyələr almalrı əsasında formalaşan psixologiyasıdır. Bu dünyagörüşü onları elə yönəldir ki, onlar indi böyük zülmlər müqabilində böyük hədiyyələr alırlar. Yəni, uşaqlıqda vaildeyinləri yemək yediyi təqdirdə, ona hər hansısa hədiyyə alacağını şərt qoyurdusa, indi bəlkə də həmin uşaqlar zamanımızda öz "böyüklər"inin qoyduğu şərtlərə görə - evə görə, pula, maşına, digər maddi məsələlərə görə - məscid sökürlər, insanlara zülm edirlər, tarixi irsimizi aradan aparmağa cəhd edirlər...

Bəziləri üçün sadə və bəsit görünə bilər ki, yemək yemirdi və şərt nəticəsində yemək yedi. Şərtə əməl edərək ona bir dənə dondurma aldılar. Amma bu dondurma, belə desək, şərtin vasitəçisinə çevrilən həmin bu dondurma, sonralar çevrilib böyük zülmlər müqabilində böyük “dondurmalar” almağa səbəb olur.

Biz lal və fəal şeytanların törətdikləri mənəvi və fiziki zülmlərə görə irad tuturuq, unu iyrənc bir iş bilirik. Düz də bilirik. Amma bu zülmlərin müqəddiməsinə çox vaxt əhəmiyyət vermirik. Diqqət etsək, onların etdikləri zülmlərin kökünə endikdə, kiçik şərtlərdən böyük şərtlərə qədər uzun silsiləvi yolun olduğunu görərik. Çünki, heç bir Adəm övladı ola bilməz ki, xırda-xırda zülmlər etmədən, birdən-birə gəlib böyük zülmlər etsin. Əgər o xırda zülmlər olmasaydı, indi günahsız insanlara qan uddurmağı rəva bilməzdi, körpələri ata və ana nəvazişindən məhrum etməzdi, Allah evlərini söküb sonrada bir daş parçası kimi dənizə atmazdı və s.

Bu günlərdə bir hadisənin canlı şahidi oldum. Və düşündüm ki, bu məsələ də praktiki önəm daşıyır. Bəlkə də bu adi, sıradan bir hadisədi. Amma sabahısı günü bu məsələ böyük məsələ kimi təzahür tapa bilər.

Anası səkkiz-doqquz yaşlı uşağı iş dalınca göndərmək istəyirdi. Amma uşaq kompüter qabağında olduğundan, bu işi görmək istəmədiyini bildirdi. Cavabında anası dedi:

- Əgər bu işi görsən, bu gün gəzintiyə çıxacağıq.

Uşaq da səhərdən boyun qaçırtdığı işi şərt müqbilində görməyə razı oldu. Düzdür, bu məmləkətin insanı üçün burada heç bir qeyri-adi məsələ yoxdur. Çünki bu məsələ bizim məmləkətdə fövqəl çox yayıldığından, çoxlarımıza adi görünür. Xüsusən də, bu kiçik yaşlarda olduqda, bu kimi şərtlərin yaranması silsiləvi hal alır. Yəni, bu hal üç-dörd yaşlı uşaqlarda daha çox rast gəlinir. Çünki uşaq demək olar ki, hər saatdan bir nadinclik edir.

Çox təəssüflər olsun ki, vaildeynlər hər zaman uşağı nadincliyini aradan götürmək üçün birinci çıxış yolu kimi məhz şərtə əl atırlar. Bu da yazının əvvəlində dediyim kimi, uşaqda çox dərin psixoloji zədələrə yol açır. Və sonralar müalicə olunmayan yaralara səbəb olur.

Allah bizlərə heç bir zaman şərtlə iş görməməyi və gördürməməyi nəsib etsin. Amin!
Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.