понедельник, 5 июля 2010 г.

MEŞƏ ƏHALİSİ və ARXALI ÇAQQAL


Bu həftələrdə baş verən müsiübətlərlə bağlı dünya ictimaiyyəti - istər siyasi, istər ictimai mənbələr - bu hadisələrdə birmənalı qərar yenə də ənənəvi olaraq vermədilər. Son hadisələr mənim bu yazını yazmağa təşviq etdi.

Meşələrin birində çox zalım, qəddar, amma bir o qədər də qorxaq çaqqal var idi. Bu çaqqal çox qorxaq idi. Amma hər çaqqalın arxasında bir güclü olduğu kimi, bu çaqqalın da arxasında əjdaha var idi. Çaqqal meşənin çay olan hissəsində ağ bənd salmışdı. Və bu ağ bəndi özünə görə yox, əjdahaya görə tikmişdi. Ən maraqlısı da odur ki, əjdaha bilirdi ki, meşə əhalisi ağ bəndin çaqqala aid olduğunu bilir. Amma orada kimin yaşadığını bilmir.

Bu səbəbdən əjdaha ora axşamlar, şər qarışandan sona gəlirdi. Diqqət çəkməmək üçün isə, çaydan xeyli uzaqlıqda xüsusi bir məskən salmışdı. Və əjdaha çaqqala bərk-bərk tapşırmışdı ki, onun bu bəndin sahibi olduğunu deməsin. Çaqqal o qədər həyasızlaşmışdı ki, meşənin çayından su götürməyə gələn hər kəsi çaya bıraxmazdı. Və qarşılıq göstərəni ağ bəndə salıb əjdahaya təslim edərdi. Və özü çox qorxaq olsa da, əjdahaya güvənib meşə əhalisinə meydan oxuyurdu. Məsələlər getdikcə ciddiləşirdi. Çünki həmin çaya ancaq ceyran, tülkü, bayquş kimi - bir sözlə onlara ziyan verə biləcək gücdə olmayan heyvanları bıraxardı. Bu məsələ gündən-günə miqyası genişlənib meşədə dərin səs-küyə səbəb oldu. Meşə sakinlərindən olan şirlər, quzğunlar, pələnglər, gündən-günə tələf olurdular. Həlak olmanın səbəbi isə hələ məlum deyildi. Aydın olanı o idi ki, kim çaqqaldan güclü idi, çaydan bıraxılmırdı. Və ondan sonra da ondan xəbər alınmırdı. Və bir neçə gündən sonra onun cəsədini ceyran-cüyür, bir sözlə zəif heyvanlar çayın qırağında tapırdılar. Bunu eşidən meşə nəzarətçisi olan şir çox qəzəbləndi. Və bir dənə çaqqalın bu nəhəng meşəni barmağına dolamasına mat-məttəl qaldı. Və öz-özlüyündə dedi:

- Gör iş nə yerə çatıb ki, meşənin sakini belə olmağa haqq qazanmadığı bir heyvan bu gün meşəyə meydan oxuyur.

Gündən-günə qonşu meşələrə bu xəbər yayılırdı. Buna görən meşə nəzarətçisi olan şir, çaya su götürmək məqsədi üçün, həm də bunun sirrini öyrənmək üçün yola çıxdı. Çaya 20 mil qalmış çaqqalın tör-töküntüləri şirin üzərinə tökülüşdülər. Amma şir çox qoçaq olduğundan, çaqqal və tör-töküntüləri ona mane ola bilmədilər. Axırda meşənin xeyli sayda quldurları onun üzərinə yeriyib, onu əsir götürdülər. Şiri zəncirli halda üfunət iyi verən bir gölməçəyə atdılar. Və çaqqalı onun yanına gətirmək üçün getdilər.

Bu məsələ meşə əhalisində çox böyük narahatlığa səbəb oldu. Hamı bir tərəfdən çaqqalın tör-töküntülərinin törətdiyinə qarşı etiraza başladılar. Murdar çaqqal, şiri bu halda görcək, möhkəm hürkdü.

Burada incə bir məqam var. O da bundan ibarətdir ki, hələ şirin hər yanı zəncirli idi. Və hələ şir döyüşüb çox yorulmuşdu. Buna baxmayaraq, yenə də çaqqal qorxduğundan, çayın qırağında tikdiyi ağ bəndin sahibi olan əjdahanı şirin cəzasını vermək üçün çağırdı. Əjdahaya xəbər aparmaq üçün vaxt itirmədən yola çıxdılar. Bu zaman əjdaha çayın qırağında toplaşan və etiraz edən meşə camaatını sakitləşdirməklə məşğul idi. Və o, deyirdi:

- Bu, çox pis haldır. Gərək çaqqal etdiyi bu işə görə cəzalandırıla. Amma əvvəl bu işi araşdırmaq lazımdı. Şahidlər ki, var (yəni, çaqqalın tör-töküntüsü) onlar gərək dindirilə, sonra çaqqalı cəzalandıraq. Mən özüm bütün məsələlərin aşkara çıxması üçün əlimdən gələni əsirgəməyəcəm.

Söhbətdən sonra səhərdən tir-tir titrəyən çaqqalın nümayəndəsi əjdahanın yanına gəlib əlində olan zərfi ona uzatdı. Zərfin işindəki məktubu oxuyan əjdaha çox sevincli şəkildə meşə nəzarətçisi olan şirin yanına getdi. Şir əjdahanı görəndə gülümsənərək, səhərdən tir-tir titrəyən çaqqala üzünü tutub dedi:

- Hə, hər şey aydındı. Biz səninlə yox, ikiüzlü əjdaha ilə döyüşürük.

Bu yerdə neçə gündür ki, məsələləri qıraqdan izləyən meşədə söz sahibi olan bir cəsur pələng bütün meşə camaatını evinə toplayıb dedi:

- Ey meşə əhli! Bu meşədə bir müdrik qoca, dünyagörmüş bir qarğa var. Gəlin onun yanına pənah aparaq. Onu məsələdən agah edək. Qoy məsləhət versin.

Və başda pələng olmaqla bütün meşə əhli qoca müdrik qarğanın yanına pənah apardılar. Qarğa bunları görüb dinlədikdən sonra dedi:

- Mən həyatımda çox ölkələr gəzmişəm. Və hər ölkənin mədəniyyətini mənimsəmişəm. Ölkələrin birində bir alicənab və hamının qəlbini qazanış bir insan tanıyıram. Və bu məsələdə bəlkə bizə doğru ünvanı, yolu o göstərə bilər.

Meşə əhalisi sevinclə onun yanına getdilər. Əlimehdi adlı bu insan, meşənin pəhləvanları, döyüşçüləri ilə bir yığıncaq düzənlədi. Məclisə müdrik qarğanı, cəsur pələngi, işgüzar qarışqaları və döyüşkən filləri dəvət etdi. Əlimehdi söhbəti bir neçə məsləhət verməklə başladı. Və dedi:

- Gərək əvvəl əsirlikdə olan meşə nəzarətçisinin yerinə bir nəzarətçi seçək. Və bu, elə kəs olmalıdır ki, mən dediyim işləri icra etmək iqtidarında olsun.

Hamı səs verib müvvəqqəti olaraq müdrük qarğanı meşə nəzarətçisi seçdi. Nəzarətçi seçildikdən sonra Əlimehdi dedi:

- Biz bilmirik qorxaq çaqqalın arxasında kimlər dayanıb. Bu səbəbdən cəsur pələnglər, döyüş filləri bir yerdə vəhdət şəklində ağ bəndi yarıb onun içində kimin və yaxud da kimlərin olduğunu mənə bildirəsiz. Və siz zəhmətkeş qarşqalar - sizin vəzifəniz: sizi ki, çaya bıraxırlar, bacardığınız qədər anbarlara su daşımalısız.

Bu məclisdən sonra fillər və cəsur pələng ağ bəndə tərəf yollandılar. Gecə artıq düşmüşdü. Qorxaq çaqqal bunların qarşısını alıb onları içəri bıraxmadı. Gərgin mübarizədən sona bəzi fillər yaralandı, amma bütün dəstə ilə birgə Ağ bəndə daxil oldular. Əjdahanı gördükdə, döyüşkən fillər və cəsur pələng ləqəbi ilə tanınan pələng çox təəccübləndilər. Çünki onlar əjdahanı qarşılarında görəcəklərinə inanmırdılar. Bunun səbəbi də o idi ki, iki gün əvvəl meşə əhlinin qarşısına çıxıb onları sakitləşdirən və xalqın rəğbətini qazanmış əjdaha, sən demə ağ bəndin ya da belə desək pərdənin arxasında duran, meşənin başına bu müsübətləri, bu terrorları törədən imiş. Əjdaha ilə fillər və cəsur pələng arasında döyüş başladı. Amma nə üzücü ki, fillərin 19-u həlak oldu, 100-dən çoxu yaralandı. Amma nəhayətən, meşə nəzarətçisinə və Əlimehdiyə küllü miqdarda məlumat veriləcək bilgi toplandı. Əlimehdi bu məsələdə çox narahat oldu. Həlak olan 19 döyüşçü filin ailələrinə başsağlığı verdi. Və Əlimehdi yaralılardan bir-bir sual-cavab edərək bildi ki, bu əjdahanın üç başı var. Bir başı silah, bir başı təbii sərvətlər, bir başı da hiyləgərlik. Meşə dili ilə desək, tülkülük. Əlimehdi bunların üçünü də məhv etmək üçün çox fikrə getdi və sonda dedi:

- Mənə bir az vaxt verin, mən gedim Həsənəli babamın yanına. Və ondan məsləhət alım.

Əlimehdi getdi babasının yanına. Babası ona ölkəsində Qaradağ adlı bir möhtəşəm dağın olduğunu dedi. Və o dağda bir böyük və möhtəşəm ağac var. Həmin ağacın başında qılınc asılıb. Ancaq böyük iman sahibi zəncirlərlə bağlanmış bu qılıncı götürə bilər.

Əlimehdi bunu eşitcək, çox sevindi. Və yol tədarükünu görüb, bəxtini sınamağa qərara aldı. Gəlib Qaradağa çatdı. Və ağacı axtarmağa başladı. Ağac çox böyük olduğundan, adama uzaqdan yaxın görünürdü. Amma üç gün ora vaxt sərf etdikdən sonra, Əlimehdi nəhayət ağacı tapdı. Və zəngirlər içində olan qılıncı əlini sürtən kimi götürdü. Çay olan yerə vaxt itirmədən yollandı. Qorxaq çaqqal onun qarşısını almaqdan qorxdu. Və tez evinə çəkildi. Əlimehdi ağ bəndin qapılarını bir qılınc zərbəsi ilə sındırdı. Əjdaha ilə üzbəüz dayandı. Gərgin keçən döyüşdən sonra haqq- ədalət qalib gəldi. Və meşə nəzarətçisi və onun timsalında olan meşə əhalisi artıq öz meşələrində ədalətli həyat sürməyə başladılar.

Bu nağıla bənzər olsa da, çalışdım günümüzdəki obrazları meşə obrazları ilə uzlaşdıram। Amma indi siz əziz oxucuların öhdəsinə buraxıram ki, kim bu gün hansı obrazdadır? Və yaxud da meşədəki obrazları kimlər alır? Şərhlərinizin intizarındayıq.
Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.