
Hamı öz İsmayılını qurban verməlidir. Bəs görəsən dünya nemətlərinə qapanan ərəb şeyxləri hansı İsmayıllarını qurban verməlidir? Düzdür, İsmayıl qurbanının zahirinə baxdıqda, bir qoyun qurban verməkdən gedir söhbət. Amma onlar Allahın müqəddəs əməli olan qurban kəsməyi belə şouya çevirib, “bir dənə qoyun kəsdirmək kifayət etməz” deyib, iki dənə dəvə kəsirlər. “Ayıbdı axı, camaat nədeyər?!” – deyibən.
Deməzmi ki ha,gözümüzün qabağında cəmi bir dənə qoyun kəsdi? Ona görə də onların batil təfəkkürünə görə, iki dənə dəvə kəsmək lazımdı. Ayıbdı. Amma Qurban bayramının fəlsəfəsi yalnız qoyun kəsməkdirmi?
Bu sual zehnimi qarışdırdı. Çünki, iki dəvə kəsmək onlar üçün ümmandan bir damla belə deyil. Amma buna baxmayaraq, o qoyunu belə millətin gözü qabağında kəsib, özlərini camaata göstərirlər. Amma dünyada 1 milyarddan artıq insan acından qırılır. Və onlara bir quru çörək verəcək qədər belə sərmayə ayırmayan ərəb şeyxləri, qurbanda bir qoyun kəsərək, özlərini müsəlman sayırlar!
Təbii ki, bu hamısına şamil edilə bilməz, istisnalar onların arasında da var. Amma söhbət əksəriyyətdən gedir. Əksəriyyəti bu gündədir. Onlar bir səhər yeməklərinə, bəlkə də orta təbəqəli insanların 1 ayda qazandığı puldan belə çox pul xərcləyirlər. Bəs onlar nələrini qurban verməlidirlər? Bəlkə qarajlarda qalan və cəmi bir dəfə sürülən, amma dünyanın ən məhşur markalarına aid olan maşınları qurban verməlidirlər Qurban bayramında?
Bəlkə heç bir dəfə də olsun gedib baxmadıqları, ayaqlarını belə vurmadıqları, amma içində hər bir şəraiti olan binalarını qurban verməlidirlər Qurban bayramında?
Bəlkə evində bir qıraqda duran və toz içində qalan, dəyəri milyonlarla olan şəkil və heykəlləri qurban verməlidirlər Qurban bayramında?
Bəlkə onlar gəzdirdikləri telefonu qurban versinlər? Xalis qızıldan düzəldilmiş, brilyant qaş-daşla bəzədilmiş və qiyməti necə milyonlarla dollar olan telefonu qurban verilməlidir Qurban bayramında?
Bəlkə bunların heç birini etməsinlər?! Onlar məzlum olan və israil rejiminin güllələri ilə oyanan körpələrə qurban əti bağışlasınlar Qurban bayramında?
Amma yox. Bəs şəxsi zooparklardakı heyvanlara, evindəki qızıl-gümüşdən düzəldilmiş mebellərə kim pul ayıracaq? Düzdür, heyvanlara sevgi göstərmək çox yaxşıdır. Amma bir pişiyin səhər yeməyinə gündə 100 dollar ayırmaq, bayırdakı itinə dişlərini möhkəmlətmək üçün olan 500 dollarlıq xüsusi dərman vurdurmaq, bundan əlavə, dünən sifariş etdiyi delfini üçün 100-minlik hovuz tikdirmək – sözsüz ki, böyük israfçılıqdır. Hələ mən qəfəsdəki pələngini demirəm... Amma bunları buna görə edir ki, nə var – nə var, pişiyi gəlib bir dəfə qabağında oturacaq və onunla oynayaraq əhvalını açacaq. Bayırdakı iti “Duqi” də dislərini bərkidərək, onu hər gün gəzdirərək, nəzarətçilər yatmış olsa, kimsə evinə girsə onda dislərini bir-birinə sürtüb hürsün. Xüsusi delfin sifariş edir ki, həftə sonları ona baxıb əylənsin. Bir ay əvvəl dəyişmiş mebellərin hamısını, yeni və təzə moda çıxdığı üçün, çardağa qaldırıb, dəyəri milyon yarım olan mebelə dəyişməlidir. Yoxsa tanışları bu mebelin rahatlığından danışanda, onun hissini yaşamadığı üçün bir neçə saniyəlik diskomfort hiss edə bilər axı...
Olmaz, ayıbdı, millət nə deyər. O boyda binaların, maşınların, iş yerlərinin sahibi olan insan bir mebelini dəyişməyəcək. Milllət nə deyər...
Hə, dəvə demişkən, 6 ay sonra keçiriləcək dəvə yarışı üçün 5-milyonluq yarış dəvəsi almaq lazımdır. Bəs o qurban versə, binalarını, qarajdakı maşınlarını, bir milyard yarımlıq acı doydursa, bəs onda bu işləri kim görəcək?!
“Qurban bayramı gözəl bayramdı, hamı yığışıb mənə baxacaq, neçə dənə dəvə kəsdim. Ona tamaşa edəcək” – düşünən ərəb şeyxi hansı İsmayılını qurban verməlidir?
Müntəzir,
“Deyerler.org”un oxucusu, 17 yaş